İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından da şəhid olub, 4-ü isə yaralanıb. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı, sosial şəbəkələrdə təxribatlar törədirlər. Onlar Azərbaycan dilində saxta profillər açaraq guya şəhid sayının gizlədilməsi ilə bağlı yalan məlumatlar yayırlar. Onlar bizimlə heç bir əlaqəsi olmayan və köhnə foto, video yayaraq əhali arasında təşviş yaratmaq istəyirlər.
Əlbəttə, Azərbaycanın ordusunun qəhrəman oğulları düşmənin bütün təxribatının qarşısını qətiyyətlə alaraq bir millimeter də olsa torpaqlarımızın düşmən tapdağının altına keçməsinə icazə verməyiblər. Bu bizim üçün böyük qürur rəmzidir. Ermənistan hakimiyyəti tərəfindən icra edilən bu məkrli plan işləmədi. Əksinə, ermənilər Aprel döyüşlərindəki kimi növbəti dəfə biyabırçı şəkildə məğlubiyyətə uğrayaraq çox itki ilə geri çəkilməli oldular. Təəssüf ki, bizim 4 hərbi qulluqçumuz şəhid oldu, 4-ü isə yaralandı. Müdafiə Nazirliyinin təqdim etdiyi videolardan və verdiyi adekvat cavablardan da açıq görünür ki, düşmən qatbaqat artıq itki verib. Bu gün düşmən tək cəbhədə deyil sosial şəbəkələrdən, mətbuatdan və digər müasir texnologiyadan istifadə edərək Azərbaycan əlehinə iyrənc təbliğat işləri aparmaqdadır. Ona görə dəyərli Azərbaycan oxucularına, vətəndaşlarımıza məsləhət görürəm ki, Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamalara inanıb, etibar etsinlər. Düşmən saxta profillər açaraq Ermənistan faşist hakimiyyətinin vermiş olduğu sifarişi icra edib saxta yazışmalar aparır, eyni zaman da insanları çaşdırmaq üçün foto və videolar paylaşırlar. Onlar birmənalı olaraq insanlarımız tərəfindən qınanmalıdır. Vətəndaşlarımız bilməlidir ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ordunun Ali Baş Komandanı olaraq bütün vacib addımların atılması ilə bağlı bütün vəziyyətə şəxsən özü nəzarət edir. Cənab prezident bunu Təhlükəsizlik Şurasının iclasında da qeyd etmişdi. Azərbaycan ordusu qatbaqat düşmən ordusundan güclüdür. İstənilən zaman düşmənin bütün təxribatlarına ikiqat cavab vermək gücünə və şücaətinə malikdir. Biz bunu iki günlük proses də bir daha gördük. Ermənistannın itkisi 70-80 rəqəmləri ilə ölçülür. Ermənistan mətbuatı və insanları öz ölkəsinin hakimiyyətindən tələb etsin ki, təxribatçı addımlarına görə itirdikləri əsgərlərin sayını niyə gizlədirlər? Qoy Ermənistan hakimiyyəti bununla məşğul olsun. Bu gün Nikol Paşinyan öz faşist rejimini qorumaq üçün bu hadisələrdən istifadə edib, xarici düşmən obrazını yaradır. Nikol Paşinyan Dağlıq Qarabağ kartından istifadə edib əsgərlərini güllənin qabağına verib, ölümlərinə göz yumur. Bu gün Azərbaycan ordusu öz torpaqlarını qoruyur. Yüzlərlə Azərbaycan gəncinin döyüşə getmək üçün cəbhə xəttinə yığılması, hakimiyyət orqanlarına müraciət etməsi onlarda olan ruh yüksəkliyinin sübutudur. Gənclərimiz könüllü olaraq döyüşə getmək istəyir. Bu bizim qətiyyətimizin sübutudur. Ermənilərin Azərbaycan cəmiyyətinə nifaq salmaq cəhdi alınmayacaq. Çünki hər bir vətəndaşımız torpağına və dövlətinə bağlıdır. Əminik ki, ən qısa zamanda Ali Baş Komandanın əmri ilə ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Silahlı qüvvələrimiz bu gün güclü ordular sırasındadır. Çünki ordumuz bu gün yüksək hərbi texnologiyaya və döyüş qabiliyyətinə malikdir. Bütün düşmən cəhdlərinin qarşısını qəhrəmancasına alan əsgərlərimiz bundan sonra da torpaqlarımızı şücaətlə qoruyacaqlar.
Vətəndaşlarımız Azərbaycan ordusuna tam güvənməli və Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. Yaddan çıxarmayaq ki, biz birlikdə güclüyük, Birlikdə də düşməni yenərək möhtəşəm qələbə qazanacağıq".
Cəsarət Süleymanov,
Xocalı rayon Kosalar kənd tam orta məktəbinin
Tarix müəllimi